вторник, 3 сентября 2019 г.

Gərəkli məsləhətlər: Pasport nəzarəti zamanı özünü necə aparmaq lazımdır?

Səyahətlər barədə təəssüratlarımdan başqa sizinlə digər ölkələrə səfərlər zamanı lazım ola biləcək bir sıra məsləhətlərlə bölüşməyi qərara aldım. Bu məsləhətlər daha çox yenicə səfərlərə başlayan və ya ilk səfərinə hazırlaşan şəxslərə aiddir. Bundan ötrü ümumi adı “Gərəkli məsləhətlər” olan bir sıra yazılar dərc etmək niyyətindəyəm.


Bloqa abunə qaydaları
Bloqda dərc edilən yazıları birbaşa elektron poçtunuza almaq istəyirsinizsə, sağ yuxarı küncdə “Follow by Email” yerində elektron poçtunuzu daxil edin. Sonra təsdiq üçün məktub alacaqsınız. Bu məktubda linkə basmalısınız. Nəzərə alın ki, bəzi hallarda təsdiq üçün məktub poçtun spam bölməsinə düşür. Təsdiq üçün məktubu almamısınızsa, spamı yoxlayın. 



Yəqin ki, ilk olaraq məsləhət kimi səyahətə gəldiyiniz ölkədə pasport nəzarətindən keçən zaman özünüzü necə aparmaqla bağlı olmalıdır. 

Nəzərə almaq lazımdır ki, pasport nəzarəti həyata keçirən şəxsin hər hansı bir şübhəsi yaranan zaman sizi ölkəyə buraxmamaq səlahiyyəti var. Sizin hətta bütün qayda-qanuna uyğun olaraq aldığınız vizanız olsa belə düşünməyin ki, polis əməkdaşı onun ölkəsini seçdiyiniz üçün minnətdarlıq əlaməti olaraq qarşınızda baş əyəcək. Bu, xüsusilə də Avropa İttifaqı ölkələrinə aiddir. Miqrasiya ilə bağlı məlum səbəblərdən pasport nəzarətində uzaq ölkələrdən olan istənilən turistə şübhə ilə yanaşırlar. Bu faktdır və bununla barışmaq lazımdır.

Xüsusi olaraq qeyd edim ki, əgər sizdə qısamüddətli Şengen vizasıdırsa, yəni 7 və ya 10 günlükdürsə, siz vizanı aldığınız səfirliyin ölkəsinə getməlisiniz. Əgər vizanı bir ölkənin səfirliyində alıb, digərinə səyahət etsəniz əvvəlcədən böyük problemlərlə qarşılaşacağınıza hazırlaşın. Bu qayda uzun müddətli vizalar, yəni 6 aylıq və daha çox müddətə olan Şengen vizalarına aid deyil.   

Beləliklə, siz lazım olan ölkəyə gəlmisiniz və pasport nəzarətini keçməlisiniz. İlk olaraq nəzərə alın ki, məhz siz özünüz kifayət qədər nəzakətli olmalısınız və bunun qarşılıqlı olmasına elə də ümid etməyin. İnanın ki, pasport nəzarətində olan polisi sizin onun ölkəsinə turist kimi gətirəcəyiniz bir neçə yüz avro gəlir maraqlandırmır və bu baxımdan ona minnət etməyə dəyməz. Yaxşı olar ki, səfərdən əvvəl getdiyiniz ölkənin dilində heç olmasa salamlaşmaq kəlmələrini öyrənəsiniz, məsəl üçün “bonjur”, “qutentaq”, “hello” və sairə. Razılaşın ki, istənilən şəxsə, o cümlədən pasport nəzarəti ilə məşğul olan polisə onun doğma dilində salamlaşmaq çox xoş olar.

Nəzarət proseduru olaraq sizdən mütləq geri dönüş tarixini və ya qalacağınız oteli soruşacaqlar. Yaxşı olar ki, sualı qabaqlayaraq pasportla birlikdə polis əməkdaşına geri dönüş biletini də təqdim edəsiniz. İnandırım sizi ki, bu polis əməkdaşında sizə olan inamı artıracaq və artıq sualların qarşısını alacaq.

Əgər başqa suallar meydana çıxarsa, sizə qısa, konkret, amma tam təsəvvür yaradan cavab verməyi məsləhət görürəm. Polis əməkdaşının qarşısında sizin danışmaq qabiliyyətinizi nümayiş etdirən uzun-uzadı nitq söyləməyi məsləhət görmürəm. Yadda saxlayın ki, nə qədər çox danışsanız, bir o qədər əlavə sual yarana bilər.  

Əgər sizin pasportunuzun istifadə müddətinə altı aydan az vaxt qalıbsa, pasportu səfərdən əvvəl dəyişməyi məsləhət görürəm. Əks halda gəldiyiniz ölkədə problemləriniz ola bilər. 

Beləliklə, siz yeni pasport almısınız. Sizin bundan əvvəlki Şengen vizalarınızın da müddəti bitib və onlar köhnə sənədinizdə qalıb. Hazırda pasportu dəyişəndə köhnəsini geri vermirlər. Amma köhnə pasportunuzda Şengen vizaları olan səhifələri sizə təqdim edirlər. Sizə çox məsləhət görürəm ki, yeni pasportla ilk səyahətə çıxanda özünüzlə köhnə pasportda Şengen vizaları olan səhifələri götürün. Polis əməkdaşları ilk vizası olan pasportlara şübhə ilə yanaşırlar. Amma siz, yeni pasportunuzla birlikdə əlavə sual gözləmədən onlara Şengen vizaları olan səhifələri təqdim etsəniz bu polis əməkdaşında olan şübhələrin dağılmasına yardımçı olar. Bir dəfə mən bunu Ştutqartda etmədim və pasport nəzarətində bir saatdan çox vaxt itirdim. Polis əməkdaşı mənim və səyahət yoldaşlarımın pasportlarının, o cümlədən vizaların həqiqi olub-olmamasını xüsusi cihazla yoxlayırdı.  

Əgər sizdə ilk dəfə hər şey yaxşı oldusa, növbəti dəfələrdə qat-qat asan olacaq və pasport nəzarətində olan polis əməkdaşları sizin pasportunuzda bundan əvvəlki möhürləri görəcəklər.  

P.S. Şərhlərdə sizi maraqlandıran sualları verə bilərsiniz, səyahət və ya uçuşlarla bağlı müxtəlif aspektləri soruşa bilərsiniz. Mən isə öz növbəmdə şəxsi təcrübəmə əsaslanaraq və ya jurnalist əlaqələrimdən istifadə edib, sizin suallarınıza cavab verməyə çalışaram. 

Комментариев нет:

Отправить комментарий