среда, 14 августа 2019 г.

Xınalıq (Azərbaycan) – yeni yolun kəndə verdiyi yeni həyat (Foto)


Turist qismində biz bəzən öz ölkəmizi yox, digər ölkələri yaxşı tanıyırıq. Bu onunla əlaqədardır ki, turizm dedikdə biz ölkə kənarına səfərləri nəzərdə tuturuq və bu zaman öz ölkəmizdə xaricilərin heyran qaldıqları yerləri görməzdən gəlirik. Azərbaycanda belə yerlərdən biri Xınalıq kəndidir.



Bloqa abunə qaydaları

Bloqda dərc edilən yazıları birbaşa elektron poçtunuza almaq istəyirsinizsə, sağ yuxarı küncdə “Follow by Email” yerində elektron poçtunuzu daxil edin. Sonra təsdiq üçün məktub alacaqsınız. Bu məktubda linkə basmalısınız. Nəzərə alın ki, bəzi hallarda təsdiq üçün məktub poçtun spam bölməsinə düşür. Təsdiq üçün məktubu almamısınızsa, spamı yoxlayın.



Qısa informasiya:


Xınalıq Bakıdan 220 km şimalda, Quba rayon mərkəzindən 50 km məsafədə yerləşir. Kənd dağlarda, dəniz səviyyəsindən 2300 metr hündürlükdə yerləşir.

Kənd haqqında ilk məlumatlar eramızdan əvvəl 3 min il əvvələ gedib çıxır.  Xınalıq sakinləri Qafqaz Albaniyasının 26 tayfasından biri olublar. Əvvəllər onlar atəşpərəstliyə sitayiş ediblər, sonradan VIII əsrdə İslamı qəbul ediblər. Kənd sakinləri Qafqaz dilləri qrupuna daxil olan özlərinə məxsus Xınalıq dilində danışırlar. 

Qışda havanın temperaturu -30-a qədər düşə bilər, yayda isə +30 və ya +33-ə qədər artır. Bir sıra hallarda kəndə qar artıq sentyabrın sonlarında yağır və aprelin sonuna qədər qalır. 
Hazırda Xınalıqda 246 ailə yaşayır, sakinlərin sayı 1146 nəfər təşkil edir.

Kəndə yeni həyat verən yol 


Bütün tarixi boyu Xınalıq ətraf dünyadan təcrid vəziyyətində olub. Buna səbəb kəndə yolun olmaması idi. Sözün bütün mənalarında anlanılan yol Xınalığa 2006-cı ildə çəkilib. Buna qədər kəndə “UAZ” və ya “QAZ 66” avtomobillərində gəlmək olurdu. Həvəskarlar Xınalığa at vasitəsilə qalxırdılar.

Kəndə gedərkən yolda gözəl dağ mənzələrini, ilanvari yolları müşahidə etmək olar. Uzaqlara baxarkən belə bir təsəvvür yaranır ki, irəlidə artıq heç nə yoxdur və siz yolu səhv gəlmisiniz. Amma bir az hövsələ etmək lazımdır, belə ki, az sonra siz məqsədinizə çatacaqsınız.    






Kəndə çatdıqdan sonra ilk olaraq Xınalıqdan onu əhatə edən dağlara açılan gözəl mənzərəni görəcəksiniz. Evlər çay daşlarından və ya çiy kərpicdən tikilib. Xüsusiyyətlərinə görə, çiy kərpicdən tikilən evlərdə yayda sərin, qışda isti olur. Xınalıqda evlərin yaşı 250-300, bəzilərininki 400 ildir. 

Yerli əhali izah edir ki, hər 300-400 il kənd öz görkəmini dəyişir. Bu onunla bağlıdır ki, illər ərzində evlər yararsız hala gəlir və evin həmin ana olan yiyəsi onun yanında yenisini tikir, köhnə evi isə sökür. Beləliklə kənd hər 300-400 il bir neçə metr kənara çəkilir.   

Məlum oldu ki, indiyə qədər kəndin ətrafında tarixi əşyalar tapılır. Misal kimi göstərmək olar ki, bu yaxınlarda qədim zamanlardan qalmış dəri çantanın içində gizlədilən zinət əşyaları tapılıb.
 Qədim zamanlarda kənddə kanalizasiya üçün istifadə olunan kəmərlər

 Müxtəlif qab-qacaq
 Bal, yağ, pəndir saxlanılan küplər
 Müxtəlif ərzaqlar üçün ölçü vahidləri
 1800-cü ildə Xınalıq kəndinin sakinlərinin siyahısı
 Xalça, əl işi
Kənd ətrafında tapılmış müxtəlif silahlar 


Sevindirici haldır ki, kəndin sakinləri təhsilə meyllidirlər və Xınalıqda yüksək səviyyəli təhsil verən orta məktəb fəaliyyət göstərir. İnternat-məktəb 300 nəfər üçün nəzərdə tutulub. Şaxtalı qış günlərində məktəblilər evə getmirlər. Təhsil səviyyəsinə görə məktəb Quba rayonunda ikincidir. Əgər yolun tikintisinə qədər kənddən çox az adam məktəbi bitirdikdən sonra Ali təhsil ocaqlarına üz tuturdularsa, yol tikiləndən sonra onların sayı hər il artıq. 2018-ci ildə Xınalıq kənd məktəbinin məzunlarından 15 nəfər Ali məktəblərə qəbul olunublar. Onların çoxu təhsildən sonra kəndə qayıdırlar. Əgər əvvəllər məktəbdə dərs deyən müəllimlər əsasən kənardan gəlirdilərsə, hazırda müəllimlərin 90%-i yerli sakinlərdir. Maaşları isə kəndin uzaqda olduğuna və iqlimin sərtliyinə görə Bakıdakı həmkarlarından yüksəkdir.  

Xınalıq sakinləri kəndin əsas zənginliyidirlər     


Xınalıq tarixi və mədəniyyətinə görə zəngindir. Amma fikrimcə kəndin əsas zənginliyi onun sakinləridir. Ölkə daxilində və xaricində çoxsaylı səfərlər zamanı ürəyiaçıq, qonaqpərvər insan görmüşəm. Amma Xınalıq camaatı bu keyfiyyətlərinə görə hamısını geridə qoydular. Xoşxasiyyətli, ürəyiaçıq insanlar sizinlə xoş salamlaşacaq, əllərindən gələn köməyi etməyə hazır olacaq və sizə kəndi göstərəcəklər. İstənilən qapını döyə bilərsiniz, hamı sizi çaya və nahara qonaq etməyə, sizinlə şirin söhbətə  hazırdır. İnsana elə gəlir ki, kəndin sakinləri aqressivliyin nə olduğunu ümumiyyətlə bilmirlər.

Mənim təsadüfi həmsöhbətim İzzət adlı gənc oldu. O, yerli arxeoloji muzeyin əməkdaşıdır və eyni zamanda çayxanada işləyir. İzzət Bakıda Ali məktəblərin birində tarix fakültəsinin 4-cü kursunda oxuyur. Elə buna görə də, İzzət əsl mənim axtardığım adam oldu.  


Turistik vərdişlər   


Yolun tikilməsi ilə kəndin həyatı iki dövrə bölünüb – yolun çəkilməsinə qədər və sonra. Bundan sonra kəndə həm yerli, həm də xarici turist axını başlayıb.

“Əvvəllər bura yalnız Rusiyadan gəlirdilər. İndi isə turistlərin coğrafiyası genişlənib. Hazırda Rusiyadan başqa Avropadan da gəlirlər. Ən çox Almaniya və Polşadan turistlər olur. Adi günlərdə 100-120, istirahət günləri isə 200-ə yaxın turist gəlir. Qış zamanı turistlərin sayı bir gündə 15-20 nəfərə qədər azalır. Bunlar da əsasən Rusiyadan olurlar”, - İzzət deyib. 

Həmsöhbətim hesab edir ki, yolun çəkilməsi təkcə kəndi turistlər üçün deyil, dünyanı da kəndin sakinləri üçün açıb:

“10-15 il bundan əvvəl kəndin sakinləri başqa cür idilər. Əgər siz o zaman onları tanısaydınız, indi kənd camaatında baş verən dəyişikliklərə heyran qalardınız. Onlar hər gün dəyişirlər. Turistlər kəndə gəlirlər, bura onların xoşuna gəlir, burada dincəlirlər. Yerli əhali də turistlərdən çox şey öyrənir, dünya görüşlərini genişləndirirlər, mədəniyyət və intellektlərini genişləndirirlər. Yaşlı nəsil rus dilində, gənc nəsil isə ingilis dilində danışır”.      

Kənd sakinləri yolun açılmasından ötən 13 il ərzində turistlərlə ünsiyyət vərdişlərini əldə ediblər. Uşaqlar sizə yun corablar, yerli istehsal olan pəndir təklif edirlər. Amma digər populyar turistik yerlərdən fərqli olaraq burada sizə inadla nəyi isə almağı təklif etməyəcəklər.  

Bəzi sakinlər gecələmək üçün yerlər təklif edirlər. Qiymətlər çox münasibdir. Belə ki, səhər yeməyi ilə birlikdə bir gecə qalmaq 15 manata, gündə 3 dəfə yeməklə isə 30 manata başa gələ bilər.
Kəndə əvvəlcədən planlaşdırmadan gələrkən də gecələmək üçün yer tapmaq olar. Bundan ötrü kənddə istənilən sakindən gecələmək üçün yer soruşmaq olar və o da həmin evlərdən birinə sizi aparacaq.  Əgər Xınalıqda nahar etmək istəyirsinizsə, sizi kəndin girəcəyində qarşılayan uşaqlardan birinə bunu əvvəlcədən deyə bilərsiniz. Onlar siz kəndi gəzənə qədər belə bir ev tapacaq və harada nahar etmək lazım olduğunu deyəcəklər.

İzzətlə söhbət zamanı kənd sakinlərindən biri ona toya dəvətnamə verdi ki, bu da kənddə toylar haqqında mənim sorğu-sualıma yaxşı bəhanə oldu. Məlum oldu ki, Xınalıqda şadlıq mərasimləri üçün xüsusi yer var, amma bir çoxları toyları öz həyətlərində keçirməyə üstünlük verirlər. İl ərzində Xınalıqda 10-15 toy olur və onların da hər birində 300-400 qonaq iştirak edir.  

Xınalıq kiçik bir kənddir və bir dəfəyə onu tam gəzmək olur. Amma mən bura yenə də qayıtmaq qərarı verdim və buna səbəb yerli sakinlərdir. Onlarla söhbət etmək, xeyirxahlığını görmək insana zövq verir. Hələlik Xınalıq və gələn görüşlərədək! 

















Комментариев нет:

Отправить комментарий