вторник, 6 августа 2019 г.

Siqnaxi, türkсə adlanan gürcü şəhəri – Foto


Gürcüstanın Kaxeti bölgəsində olan Siqnaxi şəhəri heç kimin tanımadığı yaşayış məntəqəsinin turistik brendə çevrilməsinin gözəl nümunəsidir. Bir neçə il bundan əvvəl çox az adamın tanıdğı bu şəhər hazırda istirahət  və gəzmək üçün vacib sayılan yerlərdən biridir. 

  

Bloqa abunə qaydaları
 

Bloqda dərc edilən yazıları birbaşa elektron poçtunuza almaq istəyirsinizsə, sağ yuxarı küncdə “Follow by Email” yerində elektron poçtunuzu daxil edin. Sonra təsdiq üçün məktub alacaqsınız. Bu məktubda linkə basmalısınız. Nəzərə alın ki, bəzi hallarda təsdiq üçün məktub poçtun spam bölməsinə düşür. Təsdiq üçün məktubu almamısınızsa, spamı yoxlayın.


Siqnaxi Tbilisidən 110 km və Balakən istiqamətində Azərbaycan sərhədindən 60 km məsafədə yerləşir. Şəhərin adı gürcü dilində Siğnaği kimi səslənir və türk dilində olan sıqınaq (sığınacaq) sözündəndir.

Şəhərin adı təsadüfi deyil. Siqnaxi Gürcü çarı II İrakli tərəfindən XVIII əsrdə tikilib. Digərlərinin hücumundan qorunmaq üçün hazırda şəhərin vizit kartı olan divar tikilib.

Müasir Siqnaxi Gürcüstanın turistik xəritəsinə daxil olan əsas şəhərlərdəndir. Yerli əhali deyir ki, şəhərin uğuru birmənalı olaraq keçmiş prezident Mixail Saakaşvilinin adı ilə bağlıdır. Onların sözlərinə görə, Saakaşviliyə qədər Siqnaxi çox adamın tanımadığı bir şəhər idi turistlər yox idi, yerli əhalinin gəlirləri az idi. Məhz Saakaşvilinin səfərindən və Siqnaxini Gürcüstanın turistik bölgələrindən birinə çevrilməsi ilə bağlı ideyasından sonra şəhəri ruhunu, görkəmini və özünəməxsusluğunu saxlamaq şərtilə restavrasiya edib, yeniləyiblər. Kiçik və dar küçələr, əsasən qırmızı kərpicdən olan qədimi evlərdən ibarət balaca şəhər hazırda bir çox turistlərin səfər etmək istədiyi məkana çevrilib.  

Şəhərdə demək olar ki, düz küçə yoxdur. Piyada gəzmək üçün xüsusi fiziki güc lazmdır, çünki Siqnaxinin küçələri ciddi eniş və yoxuşlardan ibarətdir. Əgər siz, bu küçələri üzü yuxarı qalxmaq iqtidarında deyilsinizsə, şəhərdə turistlər üçün kiçik nəqliyyat vasitələri fəaliyyət göstərir. 


Siqnaxiyə getmək üçün bir neçə səbəb


Siqnaxinin istənilən sakinindən görməli yerlər haqqında soruşsanız ilk növbədə sizə şəhərin divarlarını ziyarət etməyi məsləhət görəcəklər. Divarların uzunluğu 4 km-dir. Divar boyu 23 gözətçi qülləsi var ki, onların hər birinin adı Siqnaxinin ətrafında olan yaşayış məntəqələrinin adına uyğundur. 




İkinci görməli yer Bodbi monastırı və onun daxilində olan Müqəddəs Nina kilsəsidir.  Gürcülər ona Müqəddəs Nino deyirlər. Burada 347-ci ildə dünyasını dəyişmiş xristian maarifçisi Nina dəfn edilib. Gürcüstana xristianlığı məhz o gətirib.  





Üçüncü yer kimi yerli muzeyi göstərmək olar. Bir neçə zaldan ibarət olan kiçik muzeydə Siqnaxi ətrafında arxeoloji tapıntılar, XX əsrin əvvəlində gürcü məişətində istifadə olunan əşyalar, əslən Kaxetiyadan olan rəssam Niko Pirosmaninin əsərləri nümayiş etdirilir. Əfsanəyə görə, Alla Puqaçovanın kasıb rəssam haqqında “Million alıx roz” (Миллион алых роз) mahnısı Pirosmaninin Marqarita adlı aktrisaya olan məhəbbətinə həsr edilib. 
  
Digər bir səbəb kimi Kaxetiya mətbəxini göstərmək lazımdır. Siqnaxi nəinki gürcü mətbəxini sevən insanlar üçün, hətta bu mətbəxə laqeyd olanlar üçün də cənnət sayıla bilər. 

Və, əlbəttə ki, hər bir turistik şəhər kimi Siqnaxinin də öz hekayəti var. Hekayətə əsasən, Gürcüstanın digər bölgələrində yaşayan gənclər evlənmək üçün ailələrindən icazə ala bilməyəndə, Siqnaxiyə gəlib, yerli kilsədə gizli nigaha daxil olurlarmış. Elə buna görə də, Siqnaxiyə məhəbbət şəhəri adı verilib. 

Manananın “Panorama”sı


Turizmin inkişafı ilə Siqnaxi restoran və otellər şəhərinə çevrilib. Onların dəqiq sayını bilmək mümkün deyil. Yerli əhalinin çoxu öz evlərini, həyətlərini butik-otellərə, kiçik kafelərə çeviriblər. Bütün bunlar hamısı dəbdəbədən çox uzaqdırlar, amma çox rahat və gözəldirlər.

Biz öz növbəmizdə qalacağımız oteli internet vasitəsilə, təsadüfən seçdik. Meşəli dağlara mənzərəsi olan hovuz diqqətimizi çəkdi. Həmin yerə çatdıqdan sonra səhv etmədiyimizi başa düşdük. Nəticədə şəhər istirahəti eyni zamanda gözəl kurort istirahətinə çevrildi. 

Şəxsi ev və həyətdə təşkil edilən, 9 otaqdan ibarət kiçik butik-otel sakit istirahət üçün münasib yerdir. Otelin sahibəsi Manana Kutsişvili üzündən gülüş əskik olmayan, istirahətinizin gözəl keçməsi üçün əlindən gələn hər şeyi edən bir insandır. Yer haqqında tam təsəvvürün olması üçün həyətində 13 metrənin 4 metrəyə ölçücü olan hovuzu, iki mərtəbəli binanı göz önünə gətirmək lazımdır. 





Mananı uğurlu qadın-biznesmen nümunəsi kimi göstərmək olar. Əslən Siqnaxidən olan Manana Tbilisidə yaşayıb və işləyib. İxtisasca həkim olan Manana kiçik maaş və Gürcüstanda biznes üçün yaradılan şərait səbəbindən turizm sektoruna gəlib və valideynlərinin Siqnaxidə olan evlərini otelə çevirib. 

Biznesin ilk vaxtlarının çətinliyi, qeyri-müəyyənlik görülən işlər sayəsində populyarlıq, çoxlu sayda müştəri, biznesin inkişafı ilə nəticələnib. 

“Mən artıq beş ildir bu işlə məşğul oluram. Gürcüstanda turizm biznesini qeydiyyata almaq çox asandır. Mən Vergilər Nazirliyində kassa aparatı aldım, yerli bələdiyyədə adımı yazdırdım və işə başladım. İldə bir dəfə gəlirdən 20% vergi verirəm və həmin zaman deklarasiya yazıram. Allaha şükür ki, bizdə reket və korrupsiya yoxdur. Vergilər Nazirliyindən başqa heç kim yoxlamır. Vergilr Nazirliyi isə ildə cəmi bir dəfə deklarasiya verərkən yoxlamaya gəlir ki, onların da yoxlaması mane olmaq üçün yox, əksinə əyər-əskikləri düzəltməyə kömək etmək üçündür”, - Manana deyib.

Ev və hovuz ona atası tərəfindən 1974-cü ildə tikilib. Mananaya biznesə başlamaq üçün bankdan kredit götürüb, evi və hovuzu müasirləşdirmək, otelini reklam etmək qalıb.    

Biznesə 3 otaq və bir işçi ilə başlayıb. Hazırda isə onun 9 otağı və 3 əməkdaşı var. 
“Bizdə turizm mövsümü apreldən noyabra qədər davam edir. Mövsüm zamanı məndə bütün otaqlar tutulur. Əsasən, Rusiyadan, Azərbaycandan gəlirlər. Avropadan daha çox Hollandiya, Polşa, Almaniyadan turistlər səfər edir. Və əlbəttə ki, gürcülər də çox gəlir”, Manana bildirib.   

Otel Siqnaxidə ən uğurlu yerdədir. Şəhər kiçik olduğundan onun hər bir yerini mərkəz hesab etmək olar. Həmin oteldən sonra meşəli dağlara olan gözəl mənzərədən başqa heç nə yoxdur. Ona görə əminliklə demək olar ki, otel şəhərin həm mərkəzində, həm də kənarında yerləşir. Elə buna görə də otelin adı “Panorama”dır.  

“Əvvəl oteli oğlumun adına uyğun adlandırmaq istədim. Sonra başqa variantlar da var idi. Amma bizim həyətdən dağlara olan mənzərə özü mənə Panorama ideyası verdi. Ola bilər ki, başqaları yerə görə mənə paxıllıq edirlər. Özümə deməsələr də, bunu hiss edirəm. Amma bununla belə mən Siqnaxidə olan bir çox otel sahibləri ilə dostluq edirəm. Yerimiz olmayanda biri-birimizə turistləri ötürürük”.

Manananın təklif etdiyi yeməklər təbii məhsullardandır. 

“6 sot ərazidə üzümlüyümüz var. Biz özümüzün şərabını çəkirik və qonaqlara təklif edirik. Digər qida məhsullarını yaxınlıqda yerləşən kəndlərdən alırıq. Ona görə də, inamla deyə bilərəm ki, təklif etdiyimiz yeməklər təbii və dadlıdır”.

Siqnaxi aşağı büdcəli istirahət üçün ideal yerdir. Burada qiymətlər – otellərə, kafelərə - ucuzdur, yerli əhali qonaqpərvərdir, turistlərlə münasibət qurmağı öyrəniblər. Burada olan atmosfer insanı yenidən qayıtmağa sövq edir. Hələlik isə, mənim xüsusi suvenir kolleksiyama daha biri əlavə edildi ...   























Комментариев нет:

Отправить комментарий