воскресенье, 8 марта 2020 г.

Madrid - mədəniyyət və idman paytaxtı (video-foto)

Arxitektura möcüzələri, tarixi gözəl tikililər görmək üçün Madridə gələnlər pərişan olacaqlar.  Bura nə Paris, nə Vyana nə də Praqa deyil. Daha doğrusu İspaniya paytaxtında turisti heyran edəcək binalar demək olar ki, yoxdur.  Amma Madridin özünəməxsus koloriti var. Bu ilk öncə paytaxtın mədəni və idman xüsusiyyətləri və yerli əhalinin şən xarakteri ilə bağlıdır.

  



Bu baxımdan Madriddə ilk olaraq Prado muzeyinə getmək lazımdır. Dünyanın 20 ən böyük və görməyə vacib muzeylərindən olan Prado mədəni cəhətdən Madridin simvoludur. Muzeydə Qoya, El-Qreko, Rafael, Velaskes və sair məşhur rəssamların əsərləri nümayiş etdirilir. Ümumilikdə isə Prado muzeyində ispan, flamand, alman, ingilis, fransız rəssamlıq məktəblərinin nümayəndələrinin  rəsmləri var.


Burada Luvr muzeyində nümayiş etdirilən Mono Lizanın surəti də var. Həmin rəsmi Da Vinçinin tələbəsi çəkib.

Amma maraqlıdır ki, Luvr kimi dünyanın ən nəhəng muzeylərindən birində foto çəkməyə, o cümlədən Mono Lizanın əslinin fotosunu çəkməyə icazə verirlərsə, Pradoda bu qadağandır. Qadağa o cümlədən Mono Lizanın surətinə də aidir. Bu da öz növbəsində muzeyə gələnləri qaydaları pozmağa vadar edir və çoxları gizlicə foto çəkirlər. Turistləri başa düşmək lazımdır. Bu cür gözəlliyi sadəcə olaraq yaddaşda saxlamaq mümkün deyil. 
Madriddə olarkən idman arenalarına getməmək sadəcə cinayətdir. Əgər bunu etməsəniz, hesab edin ki, Madriddə olmamısınız. Hətta siz futbol azarkeşi deyilsinizsə və ya futbolda digər bir klubun fanatısınızsa dünyanın ən güclü klublarından olan “Real”ın stadionu Santyaqo Bernabeoya getmək deyərdim ki, məcburidir.



Stadiona təşkil olunan tur daxilində klubun muzeyinə getməyiniz sizin səyahətinizin ən maraqlı hissəsi olacaq.
Bununla yanaşı Madridin ikinci böyük komandası olan “Atletiko”nu da yaddan çıxarmaq olmaz. Klubun yeni stadionu “Vanda Metropolitano” müasir idman qurğusu nümunəsidir. Stadionun yüksək nöqtələrinin birindən ətrafa baxarkən bir anlıq Bakı Olimpiya Stadionunun ətrafını xatırladacaq. Amma polisin lazımsız məhdudiyyətlərini görmədikdə, stadiona giriş-çıxışların bağlı yox, əksinə azarkeşlərin rahatçılığı üçün hamısının açıq olduğunu müşahidə edərkən anlayırsan ki, oxşarlıq ancaq zahiridir və sən Bakıda yox, Madriddəsən.



Əgər bəxtiniz gətirsə, səfər zamanı iki klubdan birinin ev oyununa mütləq getmək lazımdır. Mən Madriddə olduğum həftə ev oyunu növbəsi “Atletiko”nun idi. Stadionun bayaq sadaladığım rahatlığı, ən adi bir oyunda anşlaqın yaratdığı atmosfer həmişəlik yaddaşda qalacaq. 
“Real” və “Atletiko” mövzusuna son ştrix kimi onu qeyd etməliyəm ki, bu klublar turnirlərdə qələbələrini Madridin iki ən məşhur fəvvarəsi qarşısında qeyd edirlər. Əgər “Real” və onun fanatları uğurlarını “Kibela” fəvvarəsinin qarşısında qeyd edirlərsə, “Atletiko” və azarkeşləri “Neptun” fəvvarəsi qarşısına toplaşırlar.
 Neptun fəvvarəsi
Kibela fəvvarəsi

Nə qədər də qəribə səslənsə, İspaniya paytaxtında gəzmək üçün lazım olan yerlərdən biri  vağzaldır. “Atoça” adlanan vağzal xüsusi bir yerdir. Əgər siz qatarla heç yerə getmək istəmirsinizsə belə vağzala gəlməlisiniz. İçəri daxil olarkən sizə elə  gələcək ki, ünvanı səhv salmısınız və vağzal əvəzinə botanika bağına gəlmisiniz. Amma bu belə deyil. Siz həqiqətən də Atoça vağzalındasız və oranın foyesində xoş, sakit istirahət edə bilərsiniz.




Bu şəhərdə olarkən mütləq San Migel bazarına getmək lazımdır. Bura Madridin əsas turistik ərazisidir. Adı bazar olsa da, hazırda bura qastronomiya mərkəzidir. 1916-cı ildən Madridin əsas ərzaq bazarı olan bu ərazidə 2009-cu ildə ilk qastronomiya bazarı açılıb. İl ərzində bura 10 milyon insan gəlir. San Migeldə bazar piştaxtalarını qəlyanaltılar, pivə və şərablar satılan yerlər əvəz edib. Burada İspaniyanın bütün bölgələrinin mətbəxləri təmsil edilib, xamondan tutmuş dəniz məhsullarına qədər nə istəsəniz burda var.  Bura gələn insanların çoxluğu səbəbindən siz yemək üçün ayaqüstü masa tapmaqda belə əziyyət çəkəcəksiniz. Ona görə də, yer axtarmağa çox vaxt sərf etmək lazım deyil. Əlinizi tərpədə biləcəyiniz bir yerdə dayanıb, yeməyiniz məsləhətdir.






Yaxşı cəhətləri qeyd ediriksə, ən mənfi şeyləri də demək lazımdır. Madriddə olarkən cibgirlərdən xüsusi olaraq özünüzü qorumalısınız. Xüsusən də bu xanım turistlərə aiddir. Madriddə hər bir kafedə, mağazada əməkdaşlar sizə ehtiyatlı olmağı deyəcəklər və xəbərdarlıq edəcəklər ki, çantanızı arxada və ya yanınızda deyil, özünüzdən irəlidə tutun. Əgər siz bunu etmirsinizsə, 99% əmin olun ki, cibgirlərin qurbanı olacaqsınız. Ən əsası odur ki, cibgirlər heç də həmişə bizim stereotipimizdə olan kriminal simalı kişilər deyil. Turistlərin çox olduğu ərazilərdə gəzməyi xoşlayan, üzündən xoş görünən 2-3 gənc xanımdan ibarət qrup da cibgir ola bilər. Bu Madridin reallığıdır.  
Bütün yazılanların nəticəsi olaraq bir əsas məsələni qeyd etmək lazımdır. İspanlar bütün cənub xalqları kimi, qonaqpərvər, mehriban, əylənməyi sevən xalqdırlar. Madriddə axşamlar canlı musiqisi olan kafe və restoranlarda olduqca gözəl vaxt keçirmək olar. Qiymətlər isə Avropanın digər şəhərləri ilə müqayisədə olduqca demokratikdir.


İspaniya paytaxtına gəlməyinizə peşman olmamaq üçün sizin səyahətdən əvvəl özünüz üçün prioritetlərinizi müəyyənləşdirməyiniz əsasdır. Əgər bunu düzgün etsəniz, Madridə səyahətiniz yaddaqalan olacaq.
































Комментариев нет:

Отправить комментарий