пятница, 28 февраля 2020 г.

Avropanın əsrarəngiz şəhəri – Lissabon (video, foto)

Siz Avropada ən orijinal, digərlərinə bənzəməyən şəhər görmək istəyirsinizsə, mütləq Lissabona getməlisiniz. Portuqaliyanın paytaxtı ən təcrübəli turistləri belə təəccübləndirəcək. O heç bir şəhərə bənzəmir, özünəməxsus arxitekturası, rəngbərəng dizaynı ilə seçilən binaları var.




Lissabonda hər bir turist öz zövqünə uyğun nəsə tapa bilər. Gözəl heykəllər, fəvvarələr, köhnə şəhər, binaların arxitekturası, qonaqpərvər yerli əhali.
Tanımadığın digər bir şəhərdə olduğu kimi Portuqaliyanın paytaxtı ilə də tanış olmaq üçün şəhərdaxili tur təklif edən xüsusi avtobuslardan istifadə etmək lazımdır. Şəhərdə bir neçə belə avtobus xətti var və onlar Lissabonun müxtəlif hissələrini öz aralarında bölüblər. Bir şirkət isə avtobus turuna aldığınız bilet çərçivəsində turistik tramvay, Teju çayında gəmidə gəzinti də təklif edir.
 Avtobus turundan başqa, Lissabonla yaxından tanış olmaq üçün piyada gəzintiyə üstünlük verməyi də məsləhət görərdim. Məhz piyada gəzərək bu şəhərin ruhunu anlamaq olar. Bu, xüsusilədə köhnə şəhərdə özünü göstərir. Köhnə şəhərə avtobuslar getmirlər. Köhnə şəhərin yaxınlığına isə “Tuktur” adlanan, üçtəkərli nəqliyyat vasitəsilə gəlmək olar. Köhnə şəhərin içində gəzmək üçün biraz özünə əziyyət verib, üzüyuxarı, dik yoxuşla qalxmaq lazımdır.  Kimsə bunu istirahət zamanı artıq əziyyət hesab edə bilər. Amma yerli abu-havanı hiss etmək üçün bundan başqa variant yoxdur.

Köhnə şəhər, özünün dar küçələri, yerli mətbəxi təklif edən restoran və kafeləri, fado adlanan milli musiqisi, binaların üzərinə azujo adlanan milli koloritli bəzəkləri ilə cəlb edib. Köhnə şəhər bir anlıq Bakının İçərişəhərini də xatırlada bilər. Burada yerləşən evlər isə daxildən eyni ilə İçərişəhərdəki evlərə bənzəyir. Hündür tavanlar, İçərişəhərdə olduğu kimi otaqların arasında taxta qapılar, eyni qayda ilə quraşdırılmış pəncərələr və sair.  
Yerli koloriti hiss etmək üçün həmçinin köhnə tramvayda da gəzmək lazımdır. Xüsusən də köhnə şəhərin dar küçələrinə gedən 28 saylı marşrutla.  Şəhərdə müasir tramvaylar da var, amma onlar Lissabonun modern hissələrinə gedirlər.

Lissabonda Teju çayı sahilində salınmış bulvar boyu gəzinti xüsusi emosiya yaradır.  
Bulvar kənarında Lissabonun ən böyük meydanlarından olan Kommersiya və ya Saray Meydanı yerləşir. Dörd bir tərəfində simmetrik formada tikililərlə əhatə ounan meydan həm turistlərin, həm də yerli əhalinin istirahət üçün sevdiyi yerlərdən biridir.  Məhz bu meydanda Portuqaliyanın sonuncudan əvvəlki kralı I Karluş  ora toplaşan kütlə arasından açılan atəşlə öldürülüb. 

Lissabonda mütləq olaraq gedilməli yerlərdən biri okeanariumdur. Okeanarium Millətlər Parkında yerləşib. Burada 1998-ci ildə “Expo” sərgisi keçirilib. Böyüklüyünə görə Lissabon okenariumu dünyada ikincidir. Müxtəlif nadir balıqlar, o cümlədən köpək balıqlarının saxlandığı mərkəzi akvariumdan başqa, burada bütün dörd okeana və onların balıq və bitki aləminə həsr edilən ayrıca hissələr var. Mərkəzi akvarium isə iki mərtəbədə yerləşib. Akvarium ətrafında gəzdikcə, onu hərtərəfdən görmək imkanınız olur. Birinci mərtəbədəki görüntü isə, sizdə okeanın dibində olub yanınızdan üzən balıqları seyr etməyiniz təəssüratını yaradır. 
Portuqaliyanın paytaxtının əsas görməli yeri kimi sizə mütləq Santa Xusta və ya portuqal deyimi ilə Santa Juşta liftini göstərəcəklər. Amma mən bu lifti Lissabonun ən böyül fırıldağı adlandırardım.
 Təsəvvür edin ki, bir saatdan çox növbə gözləyirsən, adambaşı 5 avro ödəyirsən və liftlə 15 saniyəyə baxış meydançasına qalxırsan. Yalnız bura qalxdıqdan sonra məlum olur ki, həmin baxış meydançasına köhnə şəhər tərəfdən də giriş var, özü də tamamilə pulsuz. Bundan başqa köhnə şəhərə parallel küçələr ilə yuxarı qalxsanız, Lissabona açılan bundan də gözəl baxış meydançası tapmaq olar. Əgər siz ümumiyyətlə Lissabonda olduğunuz müddətdə yaşayış yeri üçün köhnə şəhəri seçmisinizsə, lift sadəcə olaraq sizi ora geri aparır. Amma siz bunu lift üçün vaxt və pul sərf edəndən sonra anlayırsınız. Başqalarını isə liftə minməmək üçün inandırmaq mümkün deyil. Çünki bu lift artıq brendə çevrilib və Lissabona gələn hər kəs bu liftdən istifadəni özünə borc bilir.

Amma bu şəhərin əsas simvollarından danışsaq, liftdən başqa üç əsas görməli yeri mütləq qeyd etmək lazımdır.
Bunlardan biri Torre-de Belen qalasıdır. Bu Lissabonun Belen rayonunda Teju çayına aid adada olan istehkamdır. Belen qalası 1515-1521-ci illərdə tikilib və Vasqo de Qamanın Hindistana dəniz yolunu kəşf etməsinə həsr olunub. Dörd mərtəbəli, 35 metr hündürlüyündə olan tikili YUNESKO tərəfindən Ümumdünya Mədəni İrsi kimi qorunur. Tikilinin özü və onun yerləşdiyi yer populyar olduğundan turistik şirkətlər ora “Belenə tur” adlı xüsusi avtobus reysi də açıblar. 

Lissabonun digər bir simvolu kimi Teju çayı üzərində qurulmuş körpünü göstərmək olar. Fotolarda onu ABŞ-da San-Fransiskodakı məşhur körpü ilə səhv salmaq olur. “25 Aprel körpüsü” adlanan bu tikili Lissabonu onun bölgəsinə daxil olan kiçik Almadu şəhəri ilə birləşdirir.

 Və əlbəttə ki, Lissabonun simvollarında biri İsa Peyğəmbərə həsr edilən abidədir. O, “25 Aprel körpüsünün” sonunda Almadu tərəfdə ucaldılıb. Abidənin bünövrəsi 113 metrdir, abidənin özü isə 28 metrdir. Maraqlıdır ki, bu abidə portuqalların Allaha olan minnətdarlığıdır. Məsələ ondadır ki, 1940-cı il aprelin 20-də Fatimə şəhərində Portuqaliya yepiskopluğunun konfransı keçirilib. Konfransda II Dünya Müharibəsinin Portuqaliyadan yan keçməsindən ötrü Allaha dua edilib. Qərara alınıb ki, müharibənin yan keçəcəyi təqdirdə belə bir abidə qurulsun. Artıq məlumdur ki, Portuqaliya ərazisində müharibə olmayıb və 1949-cu ildə abidənin tikintisi başlayıb. İşlər 1959-cu ildə başa çatıb. Abidənin tikilməsindən ötrü əhali ianələr verib. İanə verənlərin çoxu qadınlar olub. Qadınlar bununla atalarının, ərlərinin, oğullarının müharibədən xilas olduqları üçün Allaha minnətdarlıq ediblər. 

Portuqaliya paytaxtı həmçinin də gecə həyatı ilə maraqlıdır. Burada canlı musiqi ifa olunan çoxlu sayda kiçik restoranlar, hay-küylü barlar və digər əyləncəli yerlər tapmaq olar. Portuqallar özləri də hay-küylə istirahət etməyi xoşlayırlar. Bu abu-hava ölkəyə gələn turistlərə də təsir edir.
Alış-verişə gəlincə isə Lissabon bunun üçün ən münasib yerlərdəndir. Burada dünyanın əsas brendlərinin təmsil olunduğu bir neçə böyük ticarət mərkəzi var. Bunlardan başqa Lissabonda şopinq həsəvəskarları üçün böyük maraq doğuracaq ayrıca götürülmüş mağazalar da var. Qiymətlər isə tam olaraq demokratikdir. Ümumiyyətlə Lissabonda nəinki alış-veriş, digər şeylərə də qiymətlər tam münasibdir. Məsəl üçün, aeroportdan şəhər mərkəzinə taksi 20 avrodur. Bununla belə siz sayğaca diqqətlə baxsaz, görərsiniz ki, qiymət bundan da aşağı idi. Ya da ki, səhər yeməyi üçün kofe+şirniyyatlara adambaşı 3-4 avro xərciniz çıxa bilər. Bütün digər məsələlərdə eyni cür. 
Ödəniş üsullarına gəldikdə isə, Portuqaliyaya gəldikdə mütləq nağd pulunuz olmalıdır. Belə ki, Lissabonda heç də hər yerdə bank kartı ilə ödəniş etmək mümkün deyil. Bəzi kafe, restoran, mağazalarda pos-terminal olduğu halda sizə onun işləmədiyini deyə bilərlər. Buna görə də, yeməkdən və ya alış-verişdən əvvəl mütləq bununla bağlı maraqlanmaq lazımdır. Niyə belə etdikləri barədə sualı isə Portuqaliyanın vergi orqanları özləri araşdırsınlar. 
Yuxarıda deyilənlərin hamısnı ümumiləşdirsək, ancaq bir söz demək olar ki, əgər siz hələ də Lissabonda olmamısınızsa, deməli çox şey itirmisiniz.




























Комментариев нет:

Отправить комментарий