суббота, 20 июля 2019 г.

Lvov – üç muşketyorun izi ilə (Foto)


Lvov – üç muşketyorun izi ilə

Lvov şəhərinə səfərə hazırlaşarkən onun haqqında çoxlu sayda yazıları oxudum və əksər yazılarda onu kiçik Paris adlandırırlar. Bir çox şəhərlərin sakinləri öz yaşadıqları yerin gözəlliyini və cəlbediciliyini xüsusi qeyd etmək üçün onu turistik brend olan Fransanın paytaxtı ilə müqayisə edirlər. Lvovda da belədir. Amma, şəhərin özünü gördükdə anlayırsan ki, nəqər gözəl olsa da, Lvovun Parisə oxşarlığı yoxdur.



Bloqa abunə qaydaları
 
Bloqda dərc edilən yazıları birbaşa elektron poçtunuza almaq istəyirsinizsə, sağ yuxarı küncdə “Follow by Email” yerində elektron poçtunuzu daxil edin. Sonra təsdiq üçün məktub alacaqsınız. Bu məktubda linkə basmalısınız. Nəzərə alın ki, bəzi hallarda təsdiq üçün məktub poçtun spam bölməsinə düşür. Təsdiq üçün məktubu almamısınızsa, spamı yoxlayın.  

Krakovun əkizi

Şəxsi fikrimə görə Lvov Polşanın Krakov şəhərinin əkizidir. Əgər siz bundan əvvəl Krakovda olmusunuzsa, Lvovda gəzərkən sizdə “deja-vü” effekti olacaq. Memarlıq abidələri olan binalarla zəngin kiçik küçələr isə Strasburqu xatırladacaq. Bu da təəccüblü deyil. Lvov orta əsrlərdə qüvvədə olan Maqdeburq hüququ qanunlar toplusuna tabe olan şəhər olub. Maqdeburq hüququ demək olar ki, orta əsrlərdə Avropa İttifaqının analoqu olub. Onun vasitəsilə Avropada müxtəlif standartlar, o cümlədən şəhərsalma standartları müəyyən edilib.Bunun klassik nümunəsi Avropanın müxtəlif şəhərlərində eyni qaydada tikilmiş bazar meydanlarıdır. Bəziləri bunu maraqsız sayır, çünki hamı yeni bir şəhərə səyahət edərkən fərqli bir şey görmək istəyir. Amma qeyd etmək lazımdır ki, məhz bazar meydanı həmin şəhərin Maqdeburq hüququna aid olub-olmamasını nümayiş etdirir. Bu hüquqa görə hər bir şəhərdə bazar meydanları öz ölçülərinə görə bir-birindən fərqlənsə də forması, giriş-çıxış yerlərinin sayına görə eyni olmalı idi. Bu tacirlərin rahatlığı üçün edilib. Belə ki, bir şəhərdən digərinə alver üçün gedən tacirlər özlərini yad yerdəki kimi hiss etməməli idilər və yeni şəhərdə əsas yerlər onlar üçün tanış olmalı idi.   







Ukraynanın pivə paytaxtı


Lvovu Ukraynanın pivə paytaxtı da adlandırmaq olar. Şəhərdə pivə barlarının və restoranlarının sayını bilmək demək olar ki, qeyri-mümkündür. Burada dünyanın pivə brendlərini axtarmaq lazım deyil. Yerli pivə sifariş vermək və pivənin hansı rəngdə olmasını demək kifayətdir ki, bu soyuq içkinin dadından ləzzət alasan. Qiymətlərə görə isə ümumiyyətlə narahat olmaq lazım deyil, çünki onlar orta Avropa qiymətlərindən dəfələrlə aşağıdır.

Lvov təkcə pivələrinə görə deyil, müxtəlif meyvə və giləmeyvələrdən hazırlanan yüngül alkoqollu içkiləri ilə də məşhurdur. Şəhərdə turlardan biri də məhz həmin içkilərin dequstasiya turudur. Əgər sizin elə də çox vaxtınız yoxdursa, sizə qısaldılmış marşrut təklif edəcəklər və əsas yerlərə aparacaqlar. Qeyd etmək lazımdır ki, Lvovda çoxlu sayda restoran muzey tiplidir.

Bunlardan biri də “Qasova Lampa”dır. Bu restoranın unikallığı onun içində lampa muzeyinin olmasıdır. Restorana gələrkən küçə tərəfdən sizi üçüncü mərtəbənin pəncərəsindən boylanan Yan Zeq və onun partnyoru İqnatiy Lukaşeviçin heykəlləri qarşılayır. Hər ikisi əczaçı olublar və kerosin lampasının ixtiraçıları sayılırlar. Bu Lvovda baş verib və ona görə də şəhər kerosin lampasının vətəni sayılır.

Maraqlıdır ki, Lvovda bir sıra restoranların içəri daxil olmaq üçün sirləri var. “Qasova Lampa” restoranına daxil olarkən qarşınızda işıqforun qırmızı işığı yanır və siz yaşıl işığa keçirtmək üçün düyməni basmalısız. Bunu edə bildinizsə, sizin qarşınızda lampa dünyası açılacaq. Restoranda saysız-hesabsız lampalar nümayiş etdirilir – kerosin, dəmir yolu, dəniz, hərbi, kiçik, masaüstü, avtomobil, velosiped və bir çox digərləri. Onları seyr etdikdən sonra siz meyvə və giləmeyvələrdən olan alkoqollu içkiləri dequstasiya edə bilərsiniz. İçkiləri sizə menzurka və kolbaların içində təqdim edəcəklər və bu da təsadüfi deyil, çünki bayaq dediyimiz kimi kerosin lampasını əczaçılar ixtira ediblər və bu restoran da onların məhsulunun muzeyidir.









Daha sonra şəhəri gəzərkən tur daxilində sizə albalı liköru təklif edəcəklər. Təklif olunan yerin də adı ona müvafiqdir – Sərxoş albalı (“Пьяная вишня”).  

Turun bu mərhələsini də keçdikdən sonra sizi “Kriivka” adlanan başqa bir muzey-restorana aparacaqlar. Restoranın adı Ukrayna Üsyankar Ordusunun yeraltı gizlənmə qurğularının adından götürülüb. Bu ordu XX əsrin 50-ci illərinin sonlarına qədər sovet hakimiyyətinə qarşı silahlı mübarizə aparıb.   

Zirzəmi tipli yerdə yaradılmış bu restoranın dizaynı tam olaraq öz adına uyğun gəlir. Qapıda sizi əlində İkinci Dünya Müharibəsində istifadə olunan silahın maketini tutan gözətçi qarşılayır və sizdən palolu soruşur. Daxil olmaq üçün “Slava Ukraine” demək və “Geroyam slava” cavabını gözləmək lazımdır. Bundan sonra casus olub-olmadığınızı yoxlamaq üçün sizə spirtli içki təklif olunur. Onu içdikdən sonra içəri daxil ola bilərsiniz.

Sifariş verdiyiniz yeməklər və içkilər də müharibə dövründə istifadə olunan qab-qacaqda verilir. Restoran sahiblərinin dediklərinə görə, Lvova ildə 6 milyon turist gəlir və onların da 1 milyonu mütləq olaraq bu restorana baş çəkir.





Sizə elə gəlir ki, adıçəkilən bu üç restoranda dequstasiyalardan sonra sənə şam yeməyi artıq lazım deyil. Amma, elə bu an sizə xəbər verirlər ki, dequstasiya turu çərçivəsində sizi son restoran gözləyir və orada artıq masa hazırdır.

Həmin o masaya baxdıqda bundan əvvəlki restoranlarda artıq yediyin hər bir şeyə görə özünü məzəmmət edirsən. Çünki anlayırsan ki, qarşında olan yeməkləri artıq yeyə bilməyəcəksən, səhəri gün isə onları yada salıb heyfisilənəcəksən. 



Mənəvi cəhətdən varlı şəhər

Lvov təkcə pivə restoranları ilə məşhur deyil. Şəhər mədəni və dini abidələrlə də varlıdır. Lvovda 100-ə yaxın kilsə və məbəd var. SSRİ zamanı onların bir çoxu qapalı olsa da, hazırda fəaliyyət göstərirlər. 

 Dominikan kilsəsi

 Yunan-Katolik kilsəsi

Ümumiyyətlə şəhəri gəzərkən yerli sakinlərin yumor hissini xüsusi qeyd edirsən. Yumor hissi hər yerdə özünü göstərir – mağazaların, kafe və restoranların adlarından tutmuş şəxsi ünsiyyətə qədər. Məsəl üçün, Lvovda “Mason lojası” adlı restoran var. Burada əgər istəsəniz sonda verilən hesabın məbləği ətrafında ofisiantla bazarlaşa bilərsiniz. Tutaq ki, Lvovda bir badə pivəni 45 qrivniyə təklif edirlər. Bu restoranda ona görə sizdən 450 qrivni istəyə bilərlər və bazarlaşmaq təklif edərlər. Əgər sizdə buna istedad varsa siz onun qiymətini hətta maya dəyərindən də aşağı sala bilərsiniz.

Yaxud da siz suvenir mağazasında Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın adına olan sürücülük vəsiqəsi ala bilərsiniz. 


D'artanyan və üç muşketyor 


Yenidən Lvovun Parislə müqayisəsinə gəldikdə isə mənim üçün buna yeganə əsas kimi bu şəhərdə “D'artanyan və üç muşketyor” bədii filminin çəkilməsidir. Filmdə Lvov küçələri Paris kimi təqdim olunub. Qeyd etmək lazımdır ki, hazırda bu film Lvova gəlir gətirir. Belə ki, siz burada filmin çəkildiyi yerləri görmək üçün xüsusi tur sifariş verə bilərsiniz. 



Bu yerdə D'artanyan digər üç muşketyor – Atos, Portos, Aramislə - duelə çıxmalı idi. Amma nəticədə Kardinalın əsgərləri ilə dava etməli oldular. Yuxarı fotoda həmin səhnədən bir parçadır, aşağıdakı həmin yerdə mənim çəkdiyimdir.

Yuxarı fotoda D'artanyan Kardinalın əsgərləri ilə qarşıdurma zamanı eyvandan aşağı tullanır, aşağı fotoda həmin eyvanın mən tərəfdən çəkilən fotosudur.
 

Lvov bir daha qayıtmaq istədiyin şəhərləndəndir. Buranın turistik potensialı elədir ki, hər dəfə nə isə yeni bir şey tapmaq olar. Hələlik isə mənim hər bir şəhərdən mütləq aldığım suvenir şarlar kolleksiyama daha biri daxil oldu və onların ümumi sayı 37-ə çatdı.

Комментариев нет:

Отправить комментарий