вторник, 25 августа 2020 г.

İspaniyanın qədim paytaxtının orta əsrlərə aid mənzərələri – Toledo

Madriddə olarkən mütləq bir günü İspaniyanın qədim paytaxtı olan Toledo şəhərinə ayırmaq lazımdır. Toledoya gəzinti sizin ümumi səfərinizin bəzəyi olacaq. Şəhər 1986-cı ildən YUNESKO-nun Ümumdünya siyahısına daxil edilib. Burada siz gözəl arxitektura, çoxlu sayda görkəmli yerlər, ruhu sakitləşdirən atmosfera ilə qarşılaşacaqsınız. 



Toledoya ən rahat yol Madridin Atoça vağzalından yola düşən qatarladır. Rahat, sürətli qatarlar saatda bir dəfə yola düşürlər və mənzil başına 33 dəqiqəyə çatırlar. 
Toledoya gələn kimi sizi “Hop on Hop off” avtobuslarının operatorları qarşılayırlar. Adətən böyük şəhərlərdə mən hamıya bu avtobuslardan istifadə etməyi məsləhət görürəm. Amma Toledoda bu sərf etmir. Qiymət  baha, marşrut isə şəhərin kiçik olması baxımından qısadır.

Nəzərə almaq lazımdır ki, avtobusdan istifadə etməsəniz, şəhərin tarixi hissəsinə çatmaq üçün təxminən 3 kilometr piyada getməli olacaqsınız. Bir tərəfdən bu yorucu ola bilər, digər tərəfdən isə siz şəhərin ətrafını da görə biləcəksiniz və bu həmin o əziyyətə dəyər.
Şəhərin tarixi hissəsinə Alkantara körpüsündən daxil olmaq olar. Körpünü keçib və körpünün sonunda olan qapıdan içəri daxil olarkən sizin İspaniyanın tarixinə səyahətiniz başlayır.

Görməli yerlərə çatmaq üçün siz dikə qalxmalısınız. Amma bu əziyyət hədər deyil. Toledonun küçələri həddən artıq dardır. Əgər küçədə avtomobil gəlirsə, siz divara tam sıxılmalısınız ki, o sizə dəymədən keçib gedə bilsin.

Toledonu inamla İspaniyanın silah mərkəzi də adlandırmaq olar. Burada çoxlu sayda bıçaq və xəncər hazırlayıb, satırlar.  Şəhərdə silah satışı üzrə xüsusiləşdirilmiş mağazalar var. Mağazalarda olan rəngarənglik və müxtəliflik adamı heyran edir. Hər bir bıçaq və xəncər ayrıca sənət əsəridir. Siz bir dənə bıçaq və ya bütöv bir komplekt əldə edə bilərsiniz. Amma bunu etməzdən əvvəl yaşadığınız ölkəyə önun gətirilmə qaydalarını öyrənməlisiniz. Ola bilər ki, bütün qaydalara riayyət edib, aldığınız bıçaq, xəncər və ya komplekti ölkəyə buraxmasınlar və onları sizdən müsadirə etsinlər.



Toledoda olarkən, görməyə məcburi yer kimi İnkvizisiya muzeyidir.  Kiçik bir muzeydə inkviziya dövrünün demək olar ki, bütün işgəncə alətləri toplanıb. Muzeyin zallarının tavanlarının alçaq olması, mühitə uyğun dizayn həmin dövrlər haqqında təəssürat yaradır. Burada gilyotin, başı sıxan alətlər, rüsvayçılıq maskası, sorğu-sual üçün tikanlı kreslo görmək olar. Qeyd etmək lazımdır ki, alətlərin hamısı realdır və süni bir maket deyil. Məsəl üçün siz kreslonun tikanlarının nə dərəcədə iti olduğunu yoxlamaq istəyirsinizsə, bunu çox ehtiyatla etməlisiniz.




Toledoda digər cəlbedici yer, hərbi muzeydir. O, Alkasar sarayında yerləşir. Müxtəlif zamanlarda bura şahzadələrin yaşayış yeri, hərbi kazarma və piyada ordu hissələri üçün akademiya olub.


 Muzeydə İspaniya silahlarının müxtəlif tarixi dövrlərə aid nümunələri nümayiş etdirilir. İspaniyanın orta əsrlərdə hərbi gücünü nəzərə alsaq, eksponatların əksəriyyətinin həmin dövrlərə aid olması təəccüblü görünmür.

 









Adətən muzey saat 11:00-dan 17:00-a qədər işləyir. Bazar günləri muzeyə giriş sərbəstdir, amma iş günü də qısadır.


Toledonun əsas görkəmli yerlərindən biri də katolik kilsə olan Müqəddəs Mariya kafedral kilsəsidir. Qotik üslubda olan kilsə V-VI əsrlərdə tikilib. 120 metr uzunluğa, 60 metr enə və 44 metr hündürlüyə olan kilsədə El-Qreko, Karavadjo, Tisian kimi rəssamların əsərləri nümayiş etdirilir. Kilsəyə daxil olmaq üçün növbədə təxminən 20-25 dəqiqə dayanmaq lazımdır.  

Təbii ki, Toledo bütün İspaniya kimi öz mətbəxi ilə də sizi razı salacaq. Şəhərdə çoxlu sayda kafe və restoranlar var ki, burada sizə yerli ispan mətbəxinin nümunələrini təklif edəcəklər. Yeməklərin dadı uzun müddət damağınızdan qaçmayacaq. İspan pivəsinin dadını da yaddan çıxarmaq çətindir. 
Beləliklə, yuxarıda deyildiyi kimi, Toledoya gəzinti sizin Madridə səfərinizin gözəl bir epizodu olacaq. Burada siz tarixi, orta əsrlərin atmosferini hiss edə biləcəksiniz. Bütün bunlar Madriddə yoxdur.
Toledonun görməli yerləri təkcə yuxarıda adları çəkilən yerlərlə bitmir. Səfərdən əvvəl internetdə kiçik bir axtarışın nəticələri sizə çoxlu sayda variant təqdim edəcək. Seçim isə artıq sizin maraq dairənizdən asılı olacaq. 






























Комментариев нет:

Отправить комментарий