вторник, 19 мая 2020 г.

Santyaqo Bernabeoya real tur – (Foto, video)

Siz futbol azarkeşi olmasanız belə, və ya futbolla maraqlanıb, amma Real Madrid fanatı deyilsinizsə belə, Madridə səyahət etsəniz mütləq “Santyaqo Bernabeo” turunu götürməlisiniz.

Əfsanəvi stadiona və kral klubunun muzeyinə səhayət sizdə yaddan çıxmayan təəssüratlar yaradacaq.  

 

 


Tur stadionun ən hündür nöqtələrinin birindən başlayır. Buradan siz Santyaqo Bernabeonun ümumi görünüşünə baxa bilərsiniz. Boş tribunalara baxarkən, göz önündə tam dolu olan stadiondan televiziya görüntüləri, tribunalarda fantastik atmosfera, futbolçuların meydanda kompromissiz mübarizəsi canlanır. 


Səyahətə gələnlər üçün tribunalara çıxış turun bir neçə mərhələsində nəzərdə tutulub. Son olaraq siz meydana Real Madrid futbolçularının soyunub-geyinmə otağından, futbolçuların özlərinin oyuna çıxdıqları tuneldən istifadə etməklə çıxırsız. Santyaqo Bernabeoda sizə məşqçi və ehtiyat oyunçuların skamyasında oturub, şəkil çəkdriməyə də icazə verirlər.

Ümumilikdə tur elə qurulub ki, turistə stadionun bütün imkanlarını nümayiş etdirə bilsinlər. Belə ki, turun bir hissəsi VİP zonalardan keçir. Sizə yüksək qonaqların oyun zamanı yeyib-içdikləri yerləri göstərəcəklər. Siz, adi tamaşaçı yerlərindən rahat kresloları ilə, yüksək keyfiyyətli taxtadan hazırlanmış döşəməsi ilə fərqlənən VİP yerlərdən keçəcəksiniz. Həmin yerlər canlı yayımı nümayiş etdirən monitorlarla təmin ediliblər. Bir sözlə gözəl həyatı sevənlər üçün hər şey nəzərdə tutulub. 
Məlum məsələdir ki, KİV də yaddan çıxmayıb. Elə buna görə, tur çərçivəsində sizi mətbuat konfransları üçün nəzərdə tutulan zaldan da keçirirlər.  

Əlbəttə ki, tur çərçivəsində xüsusi yeri klubun muzeyi tutur. “Barselona”, “Mançester Yunayted” kimi klubların muzeylərində olan şəxs kimi deyə bilərəm ki, kral klubunun muzeyi ən yaxşıdır və texniki cəhətdən daha möhtəşəm təmin edilib.
Muzeydə klubun indiyə qədər qazandığı bütün mükafatlar, müxtəlif, hətta adlarını belə eşitmədiyimiz ölkədaxili və beynəlxalq turnirlərdən çoxsaylı kuboklar nümayiş etdirilir. Eksponatların arasında siz Ramosun butsılarını, klubun müxtəlif dövrlərində olan kapitanların sarğılarını, oyunçuların imzaları olan topları və sairə şeyləri görə bilərsiniz. 

İnteraktiv rəflərdə, gözəl infoqrafika ilə Fiqu, Ronaldo, Zidan, Ouen və digər futbolçuların nailiyyətləri nümayiş etdirilir. 
Bir tərəfdə klubun mükafatları, digər tərəfdə ən vacib oyunlarda vurulan qolları nümayiş etdirən monitorlarla təmin edilən muzey haqlı olaraq dünyada ən yaxşısı sayılır. 

Amma bir eksponatdan digərinə keçərkən, məlum olur ki, onların arasında Çempionlar Liqasında qazanılan kuboklar yoxdur. Siz ancaq onların gipsdən olan surətlərini görə bilərsiniz. Əlbəttə ki, bu sizi çox pərişan edəcək. Ağlınıza ilk olaraq sual gələcək ki, axı bu necə ola bilər? Real Çempionlar Kubokunu ən çox qazanan klubdur. Təkcə elə Zidanın rəhbərliyi altında Real üç dəfə ardıcıl bu mükafatı qazanıb. O, elə bir rekorda imza atıb ki, onu nəinki yeniləmək, hətta təkrar etmək belə çətin olacaq. Və, muzeydə bu kuboklar yoxdur?
Belə bir pərişan halda siz muzeyin bu hissəsini tərk edirsiz və turun tez bitməsini istəyirsiz. Amma elə bu an sizi sürpriz gözləyir. Sən demə bir az səbr etmək lazım idi. Muzeyin aşağı mərtəbəsində Çempionlar Liqasına həsr edilən xüsusi bir zal var. Elə bu an siz öz-özünüzə deyirsiz: Axı mən deyirdim ki, ola bilməz. Çempionlar Liqasının zalı xüsusi bir yerdir. 


Burada Real Madridin qalib gəldiyi hər bir finala həsr edilən eksponatlar var. Hər bir ayrıca götürülən rəfdə Real və onun rəqibinin həmin oyuna çıxdığı formalar asılıb. Azərbaycan futbol azarkeşləri üçün maraqlı olar ki, bizim klublar Çempionlar Liqasının finalında heç zaman oynamasalar da, eksponatlardan birinin Azərbaycana da aidiyyatı var. Realın finallarda qalib gəldiyi oyunlardan biri Atletiko Madridlə olub. Həmin zaman Atletiko klubunun formasında “Azerbaijan – land of fire” yazısı var idi. 
Realın qazandığı 13 Çempionlar Kubokunun nümayişi  isə xüsusi emosiya yaradır. Kubokların arxasında havaya qızılı kağızlar buraxan xüsusi mexanizm qurulub. O işə salınan zaman eksponat kimi təqdim olunan kuboklara xüsusi effekt verir.  
Santyaqo Bernabeo turunu planlaşdıran zaman nəzərdə tutun ki, sizə saat yarım-iki saat vaxt lazımdır. Bu vaxt sizin Madridə səfərinizin yaddan çıxmayan ştrixi olacaq. Mənim üçün  Madriddə olub, Real Madridin muzeyinə getməmək Parisə səfər edib, Eyfel qülləsini görməmək kimi bir şeydir.
P.S. Mən Real klubunun fanatı deyiləm.   
































Комментариев нет:

Отправить комментарий